Azərbaycan dünyanın 50 ölkəsinə məhsul ixrac edir

Bölmə:
Analitik ›
Tarix:
17.01.2020
Oxunub:
93 dəfə

Prezident İlham Əliyev: Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır


 

Azərbaycan ərazisindən ipək yolları keçən, xarici ticarətdə önəmli mövqe tutan ölkə olmaqla bu gün də regional və beynəlxalq biznes üçün geniş strateji imkanlara sahibdir. Belə ki, ölkəmiz hazırda dünyanın 50 faiz istehlakçısını əhatə edən 50 ölkəyə məhsul ixrac edir. Eyni zamanda, Azərbaycan 270 milyon istehlakçısı və 1.6 trilyon ÜDM-lik MDB və Gürcüstan bazarlarına sərbəst daxil olan, İran, İraq, Əfqanıstan kimi bazarlara nadir daxilolma imkanı yaranan dövlətdir. Həmçinin ərazisindən Şərq-Qərb, Cənub-Şimal və Cənub-Qərb tranzit yolları keçən əhəmiyyətli tranzit mərkəzidir.

 

Azərbaycan Çindən Avropaya 70 faiz, Hindistandan Avropaya isə 60 faiz vaxta qənaətlə səyahət edən tranzit xətlərə sahibdir. Bu gün ölkəmizin 5 beynəlxalq hava limanı, Bakı-Tbilisi-Qars dəmir yolu (Dəmir İpək Yolu), 10-11,5 milyon ton karqo qəbul edən Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı mövcuddur ki, gələcəkdə onun bu iş qabiliyyətinin 21-25 milyon tona qədər artırılması nəzərdə tutulur.

 

Məhz bütün bu əlverişli coğrafi və iqtisadi mühitdən səmərəli istifadə etməyi qarşısına məqsəd qoyan Azərbaycan dövləti ölkədə istehsal olunan qeyri-neft məhsullarının “Made in Azerbaijan” brendi adı ilə ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılmasına geniş dəstək verir. Bu məqsədlə 10 fərqli dəstək mexanizmi işlənib hazırlanıb. Həmin dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına ödənilir.

 

2019-cu ildə ölkəmizin ticarət əlaqələri daha da genişlənib. Belə ki, həmin yeni başa çatan ildə respublikamızın hüquqi və fiziki şəxsləri 190 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. 117 ölkəyə məhsul ixrac etmişik və 180 ölkədən idxal həyata keçirmişik. Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu mövzudan da bəhs olunub, ölkənin xarici ticarət dövriyyəsi geniş təhlil edilib.

 

Müşavirədə qeyd olunub ki, bir neçə ölkədə Azərbaycan Ticarət evləri yaradılıb. Bir çox ölkələrdə, o cümlədən əsas ticarət tərəfdaşlarımızdan olan Rusiyada, İranda, Çində ikitərəfli hökumətlərarası komissiya fəaliyyət göstərməklə ixrac və idxala dair xeyli müqavilələr imzalanıb.

 

2019-cu il Azərbaycanın ticarət əlaqələrinin inkişafı baxımından da uğurlu olub. İlin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu barədə demişdir: “Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıbdır. Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik”.

 

Keçən il Prezident İlham Əliyev Çində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq konfransında iştirak edib, həmin ölkənin rəhbəri ilə görüşüb. Bu tədbir çərçivəsində 10-a yaxın sənəd imzalanıb. 800 milyon dollar həcmində kontraktlar bağlanıb və onların icrasına başlanıb. Həmçinin uzaq Şərq ölkəsində yeni ticarət evləri açılıb. Eyni zamanda, Çində Azərbaycanın artıq ikinci ticarət nümayəndəliyi fəaliyyətə başlayıb.

 

Diqqətçəkici faktlardan biri odur ki, 2019-cu ildə ölkəmizin qeyri-neft məhsullarının ixracında 14 faiz artım əldə edilib. Qeyri-neft məhsullarımızın ən iri idxalçılarından biri qonşu Rusiya Federasiyasıdır. Bu ölkədə Ticarət və Şərab evləri açılmaqla bərabər, ilk ticarət nümayəndəliyimiz də yaradılıb.

 

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində qarşılıqlı əlaqələrin inkişafı üçün yol xəritəsi təsdiqlənib. Xəritədə Rusiya ilə ticarət dövriyyəsinin genişləndirilməsi ölkələrarası, strukturlararası elektron mübadilə, aparılan prosedurların sadələşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Xüsusilə ölkələr arasında ticarətin genişlənməsində müasir gömrük postlarının, sərhəd xidməti keçidlərinin və yüksək səviyyəli yol infrastrukturlarının yaradılması ticarət dövriyyəsinin artmasına yeni imkanlar qazandıracaqdır.

 

İranla da ticarət dövriyyəmizdə, eləcə də digər sahələrdə əməkdaşlıqda əhəmiyyətli nəticələr var. Azərbaycan dövləti Rusiya və İran vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər görür. Belə ki, avtomagistral yollar inşa edilir, dəmir yolları təmir olunur.

 

Ümumiyyətlə, Azərbaycan bölgədə Şimal-Cənub, Şimal-Qərb və Cənub-Qərb istiqamətlərində yük avtomobillərinin hərəkəti üçün əlverişli şərait yaratmış olacaq. Ötən ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev yolların əhəmiyyətindən bəhs edərək demişdir: “Rusiya sərhədinə gedən yolun böyük hissəsi bu il tamamlanmalıdır. Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisi əminəm ki, tam başa çatacaqdır.

 

Həmçinin Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan ticarət əlaqələrini möhkəmləndirməyəcək, eyni zamanda, bu, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin bir parçasıdır. Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz bu il təsirli olacaqdır”.

 

Prezident İlham Əliyev ümumilikdə 2020-ci ilin də ölkəmizin ticarət dövriyyəsinin artırılmasında uğurlu olacağını bildirib. Onun sözlərinə görə, Azərbaycanın düşünülmüş siyasətə, digər ölkələrlə yaxın münasibətlərə görə beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib: “Bu baxımdan da əməkdaşlığın, bütün infrastruktur layihələrinin icrasının bundan sonra da diqqət mərkəzində olması vacibdir.”

 

Mənbə: “İki sahil”

Yoxlama kodu:19266
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020