Kiçik elmi işçilərin hakimiyəti

Bölmə:
Siyasət ›
Tarix:
25.11.2019
Oxunub:
43 dəfə

“Onlar böyük işlər üçün yaranmamışdılar”


Prezident İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubiley təntənələrində Azərbaycanın müasir tarixi ilə əlaqədar səsləndirdiyi fikirlər, ələlxüsus 1992-93-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat hakimiyyətinin fəaliyyəti və vəzifə sahiblərinə verdiyi xarakteristika cəmiyyətdə xüsusi maraqla qarşılanıb. Tanınmış bir yazıçıya məxsus “sürünmək üçün yarananlar uça bilməzlər” aforizmi sözügedən hakimiyyətin təmsilçilərinin mahiyyətinə tamamilə uyğun gəlir.

 

Sovet İttifaqı kimi nəhəng imperiyanın qəfil dağılmasını azacıq da olsa işə yarayan dünyagörüşlü və dövlətçilik təcrübəsinə malik lideri olmadan qarşılamağa məhkum olan Azərbaycan 1992-ci ildə hakimiyyətin, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “kiçik elmi işçilər” tərəfindən zəbt edilməsinə münbit zəmin yaratdı. Orasını da qeyd etmək yerinə düşər ki, bioqrafiyasında kiçik elmi işçilikdən savayı cəlbedici heç nə olmayanlar o zamankı hakimiyyətin elitası sayılırdı. Yerdə qalanlar isə kiçik elmi işçilərə həsəd aparanlar idi. Sonuncuların hakimiyyətdə təmsil olunmaq hüququ meydanlarda keçirdiyi günlərin sayına proporsional olaraq tanınırdı.

 

Hakimiyyətin zəbt olunması prosesində atılan ilk addım prezident administrasiyasından tutmuş bütün mərkəzi və yerli hakimiyyət orqanlarının inzibati binalarının zorla boşaldılması oldu. Meydandakılar (əlbəttə, səmimi hisslərlə xalq hərəkatına qoşulan çoxsaylı insanlardan söhbət getmir) həmin binalarda kabinetləri tutdular, özləri özlərini vəzifə sahibi elan etdilər. Kim hansı kabineti tuta bildisə, oldu həmin vəzifənin sahibi. Bu məqamda mərhum Prezident Heydər Əliyevin məşhur bir kəlamı yada düşür – kamaz şoferləri rayonların icra başçıları oldular.

 

Ali vəzifələrdə oturanlar isə kiçik elmi işçilər idi. Baş nazir kiçk elmi işçi, parlamentin sədri – kiçik elmi işçi, müdafiə naziri Texniki Universitetin müəllimliyindən savayı heç bir iş təcrübəsi olmayan təsadüfi adam. O zamankı hakimiyyət ierarxiyasında kifayət qədər yüksək vəzifə sayılan dövlət katibi postuna isə universiteti yenicə bitirmiş Əli Kərimov yiyələndi. Bu onun ilk iş təcrübəsi idi. Universitet auditoriyasından birbaşa çox yüksək dövlət vəzifəsinə təyinat almaq nümunəsinə heç bir dövlətdə, normal hakimiyyətlərin hansındasa rast gəlmək mümkün deyil. AXC-Müsavat hakimiyyətində isə bu anormallıq adi praktika idi. Başqa bir misal olaraq onu deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin idarə rəisi kimi kifayət qədər məsul və xüsusi təcrübə tələb edən bir vəzifəyə Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi təyin edilmişdi.

 

Təsadüfi, naşı, bir sıra hallarda mənəvi keyfiyyətləri ikrah yaradan insanların hakimiyyətdə total şəkildə təmsil olunmasının nəticəsi özünü çox gözlətmədi. Sözün həm məcazi, həm də birbaşa mənasında AXC-Müsavat hakimiyyətinin yaratdığı acınacaqlı mənzərəni orta və yuxarı yaşlı insanların yaxşı xatırladığını düşünürəm. Çünki o zamankı xaos və anarxiyanı, fabrik və zavodların bağlanması nəticəsində yaranan kütləvi işsizliyi, çörək növbələrini, 1600 faizə çatan inflyasiyanı, hazırlıqsız gənclərin küçələrdən ovlanaraq cəbhə xəttinə göndərilməsini və çoxsaylı mənasız ölümləri, tüğyan edən separatizmin Azərbaycnın bütövlüyünə yaratdığı real təhlükələri və sair buna bənzər yaramazlıqları unutmaq mümkün deyil. Təəccüb doğuran odur ki, bu qədər dərin böhranı və dağıntıları onlar cəmi bir ildə necə edə bildilər. Görün nə qədər yırtıcı, dağıdıcı olmaq lazımdır ki, 13 ayın ərzində ölkəni bütünlüklə defolt və parçalanmaq həddinə çatdırasan.

 

Qeyd etdiyim kimi, nəticəni çox gözləmək lazım gəlmədi. Xalq ayağa qalxdı, ölkəni müsibətlərə salmış anti-xalq hakimiyyətini devirdi, Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycan müsibətlərdən, parçalanmaqdan, müstəqilliyi itirməkdən xilas edildi.

 

Tariximizin bu acı həqiqətlərini bir daha xatırlamaqda fayda olduğunu düşünürəm. Çünki haqqında danışdığımız yarıtmaz hakimiyyətin uğursuz təmsilçiləri 26 ildən çoxdur müxalifətdə pusquda durub yenidən Azərbaycanın inkişaf, müasirləşmə, firavanlıq, əminamanlıq yolunun qarşısını almağa fürsət gözləyirlər. Ümidlərini 1992-93-cü illərin müsibətlərini görməmiş gəncləri aldadıb öz tərəflərinə çəkməyə, bir də Azərbaycana qarşı mərkli planlarını həyata keçirməyə çalışan bəzi xarici qüvvələrə bağlayıblar. Bunun adı isə xəyanətdən başqa bir şey deyil. Xəyanətin cavabı həmişə lənət olub, xalqın lənəti. Uğursuz hakimiyyətdən qalan uğursuz müxalifətin taleyi başqa cür ola bilməz.

 

1992-93-cü illərin yuxarıda sadaladığımız bəlalarının və yaramazlıqlarının alternativi bugünkü Azərbaycandır, onun gündən-günə artan iqtisadi qüdrəti, insanların yüksələn rifahı, ölkəmizin dünyadakı hörmət və nüfuzu, eyni zamanda heç kimin şübhə etmədiyi daha parlaq gələcəyidir. Bütün bunların mərhum Prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin əməyi, müdrikliyi, uzaqgörənliyi, habelə Azərbaycana bitməz-tükənməz sevgisi sayəsində ərsəyə gəldiyini insanlarımız yaxşı bilir və yüksək qiymətləndirir. Bugünkü iqtidarın gücü xalqın ona olan dərin inamında və etimadındadır. Hakimiyyət üçün bundan gözəl tale təsəvvür etmək mümkün deyil.

 

Əli Əhmədov

 

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi

Yoxlama kodu:22087
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019