Birincilərin 11 illik təhsil yolu başladı-FOTOLENT

Tarix:
16.09.2019
Oxunub:
132 dəfə

Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da üç aydır həyəcanla gözlənilən “Bilik Günü” gəlib çatdı. "Oxucu" infromasiya verir ki, Təhsil Nazirliyinin məlumatına görə, səhər saatlarından başlayaraq respublika üzrə 164 234 azyaşlı qarşıda onları gözləyən 11 illik təhsil müddətlərinin ilk gününə başladılar. Kimisi bir gün öncəki axşam özünü tez yuxuya verdi ki, səhər tez açılsın və çoxdandır gözlədiyi an gəlib çatsın, kimisi sinifdə göz yaşlarını axıtmaqla keçirdi, kimisi valideynlərini ilk dərs günü yanında özünə parta yoldaşı etdi, kimi də valideynsiz gəlib valideynsiz getdi məktəbdən. Yaxşısı ilə, pisi ilə bu gün o uşaqların yaddaşına “ilk dərs günü” kimi həkk olundu.

 

“Bilik Günü” uşaqların həyəcanına Xəzər rayonunun Binə qəsəbəsindəki S.Abbasov adına 117 saylı məktəbdə şahid olduq. Səhər saatlarından birincilər əllərində müxtəlif rəngli gül dəstələri və həyəcanla sinifə daxil olacaqları anı gözləyirdilər. Amma bunun üçün müəyyən prosedurları keçmək lazım idi. Hər yeni dərs ilinin başlanğıcında olduğu kimi, bu il də Azərbaycanın Dövlət Himni səsləndirilməli, məktəbin müəllim kollektivi şagirdləri salamlamalı, yeni dərs ilində onlara uğurlar arzulamalı idi. Elə belə də oldu. Himnimiz səsləndirildikdən sonra məktəbin direktoru Vələddin Nurəddinov çıxış edərək yeni tədris ilində bütün şagirdlərə uğurlar arzuladı: “Artıq yeni tədris ilinə başlayırıq. Məktəbimiz və kollektiv bunun üçün tam hazırdır. Məktəbimizdə sizlərin yaxşı təhsil almalarınız üçün dövlətimiz tərəfindən lazım olan bütün şərait yaradılıb, bundan sonra da nə lazım olsa edəcəyik. Çünki Azərbaycanımızın gələcəyi sizin əlinizdədir. Ölkəmizi daha da qüdrətli etməyin yolu sözsüz ki, keyfiyyətli təhsildən, savadlı və intellektual gənclikdən keçir. Bu gün Azərbaycanda təhsilin keyfiyyətini ən yüksək səviyyəyə çatdırmaq dövlətin prioritet istiqamətlərindən biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyev təhsilə xüsusi önəm verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə ölkəmizdə çox sayda məktəb əsaslı təmir olunub, xeyli sayda məktəb yüksək standartlar səviyyəsində yenidən tikilərək şagirdlərin istifadəsinə verilib. Müəllim və şagirdlərin üzərinə düşən vəzifə isə bunları qoruyub saxlamaq, yaradılan şəraitdən maksimum istifadə edərək yüksək təhsil almaqdır. Hər birinizə uğurlar arzulayıram”.

 

Direktorun çıxışından sonra birinci sinifə gedəcək şagirdlərin rəqsləri nümayiş olundu. Daha sonra ilk zəng çalındı və şagirdlər siniflərə yollandılar.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:64435