Vergilər Nazirliyi: "Vergi güzəştləri tətbiq olunacaq"

Tarix:
15.05.2019
Oxunub:
21 dəfə

"Azərbaycanda yarışlarda mükafatçılara verilən əşyalar vergidən azaddır. Həmçinin beynəlxalq yarışlarda 4 min manatadək, daxili turnirlərdə isə 200 manatadək verilən mükafatlardan vergi tutulmur".

 

"Oxucu" informasiya verir ki, bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində Vergilər nazirinin müşaviri, vergi ombudsmanı Elçin Məmmədov deyib.

 

O, bildirib ki, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunub. Nazirlik rəsmisi paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslərin istisna olduğunu əlavə edib.

 

E.Məmmədov vurğulayıb ki, Vergilər Nazirliyi tərəfindən UEFA Avropa Liqasının finalı və 2020-ci il Avropa çempionatının final mərhələsinin görüşləri zamanı müəyyən güzəştlər olacaq.

 

"Yalnız bölgələrdə yarışların keçirilməsi üçün əlavə stimulverici güzəştlərin tədbiq edilməsinə gələcəkdə baxıla bilər. Hazırda bu məsələ aktual deyil", - Vergilər nazirinin müşaviri bildirib.

 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da keçiriləcək. Bu görüşlə yanaşı, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

 

Mənbə: "Report"

 

Yoxlama kodu:97892