İki kitab təqdim olundu-FOTOLENT

Tarix:
25.04.2019
Oxunub:
419 dəfə

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” və “Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar” adlı kitabların təqdimatı keçirilib.

 

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Oxucuya daxil olan informasiyaya görə, tədbiri bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov açaraq hər iki nəşrdə uzun illər aparılan tədqiqatların, araşdırmaların nəticələrinin öz əksini tapdığını deyib.

 

Sonra institutun aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Fatmaxanım Nəbiyevanın “Naxçıvan Muxtar Respublikasının dərman bitkilərinə həsr olunmuş dəyərli əsər” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, akademik Tariyel Talıbov, professor Əliyar İbrahimov, biologiya üzrə fəlsəfə doktorları-Ənvər İbrahimov, Ramiz Ələkbərov, Abbas İsmayılov, kimya üzrə fəlsəfə doktoru, dosent Vahid Quliyev və Əli Qurbanovun həmmüəllifliyi ilə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ərəfəsində hazırlanan nəşrdə Naxçıvanda mövcud olan 132 növ rəsmi dərman bitkisinin sistematik vəziyyəti, təbii və istismar ehtiyatı, kimyəvi tərkibi və yayılma zonaları haqqında geniş məlumat verilib.

 

Kitabın Rusiyada rus dilində yenidən çap olunduğunu deyən məruzəçi vəsaitdə Naxçıvanın flora biomüxtəlifliyinə dair faydalı bitkilərin yer aldığını, müalicəvi təsiri olan dərman bitkilərinin yayılma zonalarının müəyyən edilərək müvafiq xəritələrdə oxucuya təqdim edildiyini söyləyib.

 

Daha sonra institutun elmi işçisi Hüseyn Rəsulzadənin “Naxçıvan Muxtar Respublikasının onurğalılar faunası haqqında ilk dəyərli əsər” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar” kitabı akademik Tariyel Talıbov, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, biologiya üzrə fəlsəfə doktorları-Akif Bayramov, Arzu Məmmədov, Mahir Məhərrəmov və Tapdıq Məmmədovun həmmüəllifiliyi ilə işıq üzü görüb.

 

Qeyd olunub ki, nəşrdə Naxçıvan Muxtar Respublikasında onurğalılar faunasına daxil olan balıqlar və suda-quruda yaşayanlar siniflərinə mənsub növlərin təkamül tarixi, yayılması, ekologiyası, müasir sistemik vəziyyəti və təsərrüfat əhəmiyyətinə dair son 15 ildə əsaslı aparılan zooloji tədqiqat işlərinin nəticələri əks olunub. Eyni zamanda kitabda muxtar respublikanın müxtəlif tipli sututarlarında yayılan bütün balıq, suda-quruda yaşayan növlərin ərazinin yüksəklik qurşaqları üzrə paylanması qanunauyğunluqları, say dinamikası, həyat fəaliyyətinin müxtəlif aspektləri və mühafizə tədbirləri haqqında məlumatlar yer alıb.

 

Tədbirdə həmçinin biologiya üzrə fəlsəfə doktorı-Ramiz Ələkbərov və Namiq Abbasov çıxış edərək hər iki kitabın elmi dəyərindən bəhs ediblər.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:25388