Akademik Zərifə Əliyeva Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biridir

Bölmə:
Cəmiyyət ›
Tarix:
24.04.2019
Oxunub:
280 dəfə

Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbiri keçirilib.

 

"Oxucu" informasiya verir ki, əvvəlcə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, yüksək mənəvi-əxlaqi dəyərlərə malik olan, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olan Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. Ş.Hacıyev akademik Zərifə Əliyevanın Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biri olduğunu söyləyib. Bildirilib ki, Zərifə xanım Əliyeva oftalmologiya sahəsinin ən aktual problemləri ilə məşğul olub. O, görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb. Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin böyük hissəsi Moskva ilə bağlı olub və burada böyük elmi uğurlar əldə edib.

 

Digər çıxış edənlər qısa həyat yolu ərzində genişmiqyaslı işlər görmüş alimin, eyni zamanda, böyük bir missiyanı da yerinə yetirdiyini bildiriblər. Qeyd edilib ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin, görkəmli dövlət başçısının, diplomatın, siyasətçinin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olub. Zərifə Əliyeva ən çətin məqamlarda Heydər Əliyevə dəstək olub. Bütün bunlar Zərifə xanımın mətanətli, dəyanətli, cəsur bir Azərbaycan qadınına xas xüsusiyyətlərə malik olduğunu bir daha sübut edir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarımıza və gənc qızlarımıza nümunədir.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:46345