Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib-FOTOLENT

Tarix:
15.04.2019
Oxunub:
267 dəfə

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin genişləndirilmiş iclası 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunub.

 

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Oxucuya daxil olna informasiyaya görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev qarşıya qoyulan vəzifələr, əldə olunan uğurlu nəticələr və çatışmazlıqlardan söz açıb.

 

Sonra Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov bölmənin elmi müəssisələrində bu ilin birinci rübündə aparılan elmi-tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, 2019-cu ilin birinci rübündəNaxçıvan Bölməsi Rəyasət Heyətinin6 iclası keçirilib. İclaslarda doktorant və dissertantların qəbulu, attestasiyası, dissertasiya mövzularının, fərdi iş planlarının təsdiqi, beynəlxalq konfransın keçirilməsinə hazırlıq, müxtəlif tarixi günlərin və bayramların keçirilməsi, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, elmi məruzələrin dinlənilməsi, elmi işçilərin Vahid Tarif Cədvəli üzrə vəzifə və dərəcələrində dəyişiklik edilməsi və çatışmazlıqların aradan qaldırılması kimi məsələlər müzakirə edilib, Rəyasət Heyətinin müxtəlif məsələlərlə bağlı 3 sərəncam və 43 qərarı qəbul edilib.

 

Qeyd olunub ki, bu ilin birinci rübündə əməkdaşların 1 monoqrafiyası, 4 kitabı, 1 metodik vəsaiti, 143 elmi məqaləsi, 26 konfrans materialı olmaqla 176 elmi əsəri çap olunub, həmçinin 2 buklet və bir xəritə tərtib edilib. Məqalələrdən 29-u, konfrans materiallarından isə 14-ü xaricidə nəşr olunub. Məqalələrin 3-ü Tomson Retures olmaqla 11-i impakt faktorlu jurnallarda çapdan çıxıb.

 

Bildirilib ki, bölmə üzrə 1 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb, 2-si beynəlxalq və 2-si respublika səviyyəli olmaqla 4 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.

 

Bu dövrdə bölmədə elmlər doktoru hazırlığı üzrə doktoranturaya 3, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 14, elmlər doktoru hazırlığı üzrə dissertanturaya isə 2 ixtisas üzrə qəbul keçirilib, doktorant və dissertantların mövzuları, rəhbər və məsləhətçiləri təsdiq edilib. Hazırda bölmədə 15 doktorant (elmlər doktoru hazırlığı üzrə), 40 dissertant (30 fəlsəfə doktoru hazırlığı üzrə, 10 elmlər doktoru hazırlığı üzrə) müvafiq dissertasiyalar üzrə tədqiqatları davam etdirirlər.

 

Diqqətə çatdırılıb ki, əməkdaşlar Türkiyə, İran, Qazaxıstan, Rusiya, ABŞ və Fransanın elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq ediblər.

 

İlin birinci rübündə akademik İsmayıl Hacıyev və müxbir üzv Əbülfəz Quliyev Türkiyə Elmlər Akademiyası və Qırğızıstan İssık-Kul Dövlət Universiteti tərəfindən “Manas”ın mirasçıları: Türk dünyası mədəniyyətinə xidmət”, həmçinin akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatlarına layiq görülüb.Akademik Tariyel Talıbov Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, Ümumdünya Təbiəti Mühafizə Fondunun və Bölmənin Fəxri Fərmanları ilə təltif olunub. Kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib, Rusiyanın “Akademik” Elmi-nəşriyyat Mərkəzi və “İvanov Manacment Group” Elm-təhsil holdinqinə rəyçi seçilib. Biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova Azərbaycan Milli Elmlər Akademiyasının elan etdiyi “Gənc qadınlar elmdə” müsabiqəsində III yerə layiq görülüb.

 

İclasda Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək bir sıra təkliflər irəli sürüblər.

 

Tədbirə yekun vuran bölmə sədri elmi-tədqiqat müəssisələrinin qarşısında duran vəzifələrlə bağlı direktorlara müvafiq tapşırıqlar verib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:20489