Bombardir iddialı danışdı-MÜSAHİBƏ

Bölmə:
İdman ›
Tarix:
12.04.2019
Oxunub:
23 dəfə

Baqali Dabo: "Qələbə və yalnız qələbə"


"Neftçi”nin futbolçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib. “Oxucu” informasiya verir ki, çempionluq uğrunda mübarizədə hədəfə çatmaq üçün var gücüylə çalışdıqlarını deyən 30 yaşlı fransız bombardir "Neftçi”yə azarkeşlik edən hər kəsi stadiona səsləyib:

 

- Hazırda "Neftçi”də özünü necə hiss edirsən?

 

- Özümü "Neftçi”də çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Burada xoşbəxtəm.

 

- Çempionluq yarışında komandanın hazırkı vəziyyətini necə qiymətləndirirsən?

 

- Kifayət qədər yaxşı şanslarımız var. Çempionluq barədə fikirləşsək də, əsas məsələ hər növbəti oyundur.

 

- Hədəfə çatmaq üçün 5 tur qalıb. Qarşıdakı oyunlara hazırlığınız necə keçir?

 

- Komanda var gücüylə çalışır. Biz qələbəyə köklənirik.

 

- Bombardirlik yarışında lidersən. Hazırda hesabında olan 11 qolu məhsuldarlığın baxımından yaxşı hesab edirsənmi?

 

- Hücumun mərkəzindən çox cinahda oynadığımı nəzərə alsaq, məncə, bu, yaxşı nəticədir. Buna görə də, hazırda 11 qol məni qane edir.

 

- Növbəti rəqib "Səbail”dir. Sonuncu turda onlara evimizdə məğlub olmuşduq. Bu dəfəki görüşdən gözləntilərin nədir?

 

- Qələbə və yalnız qələbə. Bu, təkcə "Səbail”lə matça deyil, bütün oyunlara aiddir.

 

- Hazırda komandada azarkeşlərin ən çox ümid bəslədiyi futbolçulardan birisən. Ən qısa zamanda onların ürəklərini fəth eləyə bildin. Onlar sizdən qollar, qələbələr və çempionluq gözləyir. Bəs sən onlardan nə gözləyirsən?

 

- Azarkeşlərimiz bizi hər zaman dəstəkləyir. Biz də öz növbəmizdə onlar üçün meydanda hər şey etməyə hazırıq. Onlardan gözləntilərimiz yalnız və yalnız bizi hər oyunda sonadək dəstəkləmələridir. Yaxşı olardı ki, "Neftçi”yə azarkeşlik edən digər insanlar da stadiona gəlsinlər, dəstəklərini tribunalarda versinlər. Bu bizə əlavə stimul verir, gücümüzü daha da artırır.

Yoxlama kodu:48643