Konfrans keçirilib

Tarix:
05.04.2019
Oxunub:
184 dəfə

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.

 

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Oxucuya daxil olan informasiyaya görə, tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq Prezident İlham Əliyevin “Akademik Həmid Araslının 110 iliyinin qeyd edilməsi haqqında” 11 fevral 2019-cu il tarixli Sərəncam imzaladığını xatırladıb.

 

“Akademik Həmid Araslının həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən Əbülfəz Quliyev görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığının müxtəlif istiqamətləri üzrə elmi fəaliyyətinə ətraflı nəzər salıb. Bildirib ki, ədəbiyyatşünaslıq tariximizdə özünəməxsus yaradıcılığı ilə seçilən akademik qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığının öyrənilməsi sahəsində böyük xidmətlər göstərib.

 

Diqqətə çatdırılıb ki, o, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığı ilə bağlı sanballı elmi əsərlər yazıb, həmçinin Qətran Təbrizi, Məhsəti, Xaqani, Nizami, Nəsimi, Şah İsmayıl Xətai və digər şairlər haqqında tədqiqat işləri nəşr etdirib. Bundan əlavə, alimin gənc nəslin milli ruhda tərbiyə olunmasında öz səylərini əsirgəmədiyi vurğulanıb, eləcə də onun rəhbərliyi altında 50-ə yaxın elmlər və fəlsəfə doktorunun hazırlandığı bildirilib.

 

Əbülfəz Quliyev Həmid Araslının elmin fəaliyyətinin yüksək qiymətləndirildiyini, alim Azərbaycan və Özbəkistan respublikalarının Əməkdar elm xadimi, Türk Dil Qurumunun, İraq Elmlər Akademiyasının Fəxri üzvü, İordaniya Kral Cəmiyyətinin üzvü kimi adlara layiq görüldüyünü, eyni zamanda “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” orden və medalları ilə təltif edildiyini söyləyib.

 

Tədbirdə institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Klassik irsin nəhəng tədqiqatçısı: Həmid Araslı”, həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Akademik Həmid Araslı və dünya ədəbiyyatı” və “Folklorşünaslıq” şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Həmid Araslı və şifahi xalq ədəbiyyatının tədqiqi məsələləri”mövzusunda məruzələri dinlənilib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:94004