TANAP mükafatlandırılıb

Bölmə:
Energetika ›
Tarix:
04.04.2019
Oxunub:
218 dəfə

Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) yeni mükafata layiq görülüb.

 

"Oxucu" informasiya verir ki, TANAP “Communitas”ın “Kütləvi xidmət və korporativ sosial məsuliyyət sahələrində liderlik” kateqoriyasında mükafat alıb.

 

Bu mükafatla TANAP 11-i ABŞ şirkəti olmaqla seçilən 15 şirkətdən biri olub.

 

Qeyd edək ki, “Communitas” kütləyə dəstək və sosial məsuliyyət sahəsində dünyanın ən prestijli təşkilatlarından biridir.

 

TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

 

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir.

 

TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

 

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

 

Mənbə: “Report”

Yoxlama kodu:66986
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019