Onun ana ürəyi - Fatiməli 10 ilim

Bölmə:
Analitik ›
Tarix:
24.03.2019
Oxunub:
231 dəfə

O, hər zaman atasını düşünüb, bu gün də düşünür. Dünyaya həkimlərin təyin etdiyi vaxtdan da bir neçə gün tez gəldi. Atasının qeyri-iş günündə, həm də valideynlərinin bayramına bayram qatmaq üçün Novruz bayramının sonuncu qeyri-iş günündə – martın 24-də dünyaya göz açdı. Yəni 20-si bayram et, 21-i doğmalarla bayramlaş, 23-ü özünə gəl ki, 24-də - sonuncu qeyri-iş günü - ad günü qeyd et...

 

O, sanki hər kəsdən daha çox Allahın nəzərindədir. Atasının ən ağır sosial vəziyyətində belə, Onun ad günüsündə əlinə, sevindirmək, üzünü güldürmək üçün hədiyyə alacaq pul gəlirdi.

 

O, kiçicik ömründə çox şeyi yaşayıb. Bir uşağın yaşaya biləcəyi çox şey... Ən sevincli gündən tutmuş, 20 sm-lıq hündürlükdən yıxılıb 2 dəfə qolunun sınmasına, bir dəfə qolunun çatlamasına qədər...

 

Yaşadığı həyətdə sağda sağ tərəfdə 2 bacı, sol tərəfdə 2 bacı... bu isə tək... Ənənəvi uşaq təhdidi – “Oyuncağınla oynamağa qoymursansa səninlə oynamıram”. Nə də olsa, onlar bundan, az da olsa, böyük idilər və oynayacaqları bacıları var...

 

O, hər gün Onunla oynasın deyə atasının yolunu gözləyər, gedib küçə qapısının ağzında oturardı.

 

Adətən saat 17.00-dan sonra qızdırması qalxar, atası gələn kimi Onu öpər, oxşayar, bir az oynadıqdan sonra sağalardı.

 

O, ağlayanda atasının ürəyi sancar, sıxıntı keçirərdi.

Atası əlini tutub, “Yaralandım”, deyilən zaman bap-balaca burnunu qırışdıraraq, “f” və “a” hərflərini uzadıb “uf, can, can”, deyərək ağrını azaltmağa çalışır, adəta, bir ana qayğısı göstərirdi.

 

Bir şey istəyərkən deməzdi istədiyini, valideynlərinin üzünə baxardı, pulları yoxdur deyə.

 

Bir gün parkta uzaqdan “samakat” sürən uşağı görüb, “mənim də samakatım var da, onsuz da, evimizdədir, hi, ata?”, dedi. Hansı ki, “samakat”ı da yox idi, velosibeti də. O, özünü sındırmırdı. Bu gün də sındırmır. İstədiklərini də çox vaxt dilə gətirmirdi, birdən atamın etmək imkanı olmaz deyə üzülər. Ağbırçək bir ana misalı...

 

O, artıq böyüyüb. Böyüyüb, amma Onu böyüdən yaşından çox yaşadıqları olub.

 

Bu gün Onun – qızım Fatimənin dünyaya göz açmasının 10-cu ilidir. Ad günün mübarək, əziz qızım. Tanrı nəticəsi gözəl olan bütün arzularını gerçək etsin. Və sənin xoşbəxtliyini görməyi nəsib etsin. Gözündən bir damla düşəcəksə, bu sevincdən, gülməkdən düşsün. Tanrı səni qorusun.

 

Mənbə: Oxucu.info

Oxucu İnformasiya Agentliyinin baş redaktoru

Yoxlama kodu:67557