Mehriban Əliyeva Fransanın Baş naziri Eduard Filip ilə görüşüb-FOTOLENT

Bölmə:
Siyasət ›
Tarix:
12.03.2019
Oxunub:
36 dəfə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.

 

Oxucu Mehriban xanım Əliyevanın saytına istinadən informasiya verir ki, Mehriban Əliyevanı Fransanın Baş naziri Eduard Filip Matinyon sarayında qarşılayıb.

 

Sonra birgə foto çəkdirilib.

 

Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransanın Baş naziri Eduard Filipin təkbətək görüşü olub.

 

Fransanın Baş naziri ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib və əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Eduard Filip Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyulunda Fransaya səfərinin və səfər çərçivəsində Prezident Emanuel Makronla görüşünün ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Mehriban Əliyevanın da ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirib. Ölkəmizin böyük iqtisadi potensiala malik olduğunu deyən Eduard Filip fransız şirkətlərinin Azərbaycanın neft və qeyri-neft sektorunda çalışdıqlarını deyib, bu şirkətlərin Azərbaycan bazarında daha fəal olmasının önəmini vurğulayıb.

 

Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib, bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu, Azərbaycanda 59 fransız şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb. Azərbaycandakı iqtisadi inkişaf proseslərindən danışan Mehriban Əliyeva ölkəmizin Dünya Bankının “Doing Business” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasında olduğunu bildirib. Bu il hökumətlərarası komissiyanın toplantısının keçirilməsinin önəmini vurğulayıb. Humanitar, mədəniyyət, elm sahələrində əməkdaşlıqdan danışarkən Mehriban Əliyeva bildirib ki, Azərbaycanda fransız dilinə və ədəbiyyatına böyük maraq var, ölkəmizin 300-dən çox məktəbində fransız dili tədris olunur. Bundan əlavə, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bəyan edən Mehriban Əliyeva bildirib ki, hazırkı status-kvo qəbuledilməzdir. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

 

Baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

 

Görüşdən sonra Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.

 

Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzaladılar.

 

“Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzaladılar.

 

“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzaladılar.

Yoxlama kodu:42121
Azərbaycan nefti bahalaşıb 10:07 19 Mar 2019
MN cəbhədən xəbər yaydı 09:57 19 Mar 2019