Novruz bayramı ərəfəsində yarmarkaların keçirilməsi bazarda məhsul bolluğu yaradır

Bölmə:
Cəmiyyət ›
Tarix:
09.03.2019
Oxunub:
110 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar paytaxtın 14 yerində təşkil olunur. Yarmarkalara Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş fermerlər öz məhsullarını çıxarırlar. Yasamal, Nizami, Xəzər və Səbail rayonlarında yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilir.

 

"Oxucu" informasiya verir ki, belə yarmarkalardan biri martın 9-da Səbail rayonunda Nizami küçəsi 154 ünvanında açılıb.

 

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti MMC-nin direktoru Leyla Məmmədova yarmarka ilə tanışlıq zamanı bildirib ki, bu cür yarmarkaların keçirilməsində əsas məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: “Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda iştirak etmək istəyən fermerlərin məhsullarının paytaxta çatdırılmasında nəqliyyat baxımından kömək edir. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun dəyərinin aşağı olmasına gətirib çıxarır. Apardığımız müşahidələr göstərir ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır”.

 

İsmayıllı rayonunun İvanovka kəndindən olan satıcı İrina Yakovleva yarmarkaya çıxardığı məhsulların dadlı və təbii olduğunu bildirib. O, həmçinin məhsullara tələbatın yüksək olduğunu və bu cür yarmarkaların təşkilindən hər kəsin razı qaldığını qeyd edib.

 

Qeyd edək ki, martın 2-dən başlayaraq paytaxtın bütün rayonlarında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçirilir. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 16-dan 21-dək hər gün təşkil olunacaq.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:88012