"ƏRDOĞAN - DOĞRU İŞLƏR GÖRƏN YANLIŞ KİŞİ..."

Bölmə:
Analitik ›
Tarix:
25.02.2019
Oxunub:
185 dəfə

Bu günə qədər tarixin fotosunu doğru çəkən fotoqraf (tarixçi) olmayıb. Tarixin fotosu yoxdu, yəni, gerçək tarix. Tarix rəssam “işinə” bənzəyir – gerçəkliyin özü deyil, hərə öz baxışına, dünyagörüşünə, milli mənsubiyyətinə və şəxsi maraqlarına uyğun olaraq çəkir. Çox vaxtı fırça və rənglər “başqasının” olur, yəni, sifariş – hərə özünü çəkir və özünə çəkir.

 

Bu günün uğursuzluğunu tarixdə axtaranlar “günü” Gündən gizlətmək istəyənlərdi. Gecənin açılacaq xofu var – gün çıxmamış Gün düşməyən yerə çəkilmək.

 

Başqasının işığı ilə tarix yazmazlar, tarix oxumazlar. İşıq tutan özünə lazım olan yerdə işığı kəsə və ya çoxalda bilər, hər iki halda gerçəkliyi görməyə bilərsən.

 

Və bu da bir siyasətdir…

 

Siyasətə aid kitab yazanların məqsədi siyasət öyrətmək, siyasət adamları yetişdirmək deyil – idarə edə biləcəkləri siyasətçilər və idarə olunan cəmiyyətlər hazırlamaqdır.

 

Bu gün Avropanın bir çox elm adamları da öz ölkələrində tətbiq olunan mövcud təhsil sisteminə qarşı çıxırlar. Onlar doğru olaraq belə düşünürlər:”Mövcud təhsil sistemi itaətkar, düşünməyən, söyləniləni edən, passiv qalan və sual verməyən insanlar yetişdirir. Yəni, insanlar itaət filtrindən keçirilir”.

 

Dünya gücləri tərəfindən yaradılan təhsil sistemləri, müəssisələri və tədris kitabları da bu məqsədlə yaradılır, açılır və yazılır.

 

Onların məqsədi – yazdıqlarını yaza bilməyənlərə oxutdurmaq, ancaq düşüncə olaraq maraqlı olan, bu gün köhnə sayılan, müasir dövrdə keçərli olmayan işlənmiş fikirləri, ideyaları yaymaq, yeni düşüncələrin yaranmasının qarşısını almaqdır. Oxumaq üçün məcburi və tövsiyə olunan kitablar beyini “blokirovka” etmək üçündür – gənclərdə xəyal gücü olmasın.

 

Özləri isə yeni, yazılmamış, hələ kitablara çevrilməmiş fikir və ideyalar ilə cəmiyyətləri idarə edirlər, rəqibləri ilə yeni üsullarla mübarizə aparırlar.

 

Xaricdə təhsil almağın fəsadları zaman-zaman özünü bütün ölkələrdə göstərir. Xaricdə təhsil alanlara “təhsil” vermirlər, standartları öyrədirlər, standart adamlar yetişdirirlər. Sonra həmin “standartlar” ilə ölkələrinə dönən məzunların bir-biri ilə rabitəsini, birliyini yaradırlar. Və bununla da standartları öyrədənlərə xidmət dövrü başlayır.

 

Məqsədli yaradılan borclu qalmaq hissi, sonra borcu qaytarmaq hərəkətinə çevrilir.

 

Onlar məqsədli olaraq təhsildə sürətli dəyişikliklər edirlər. Yetişdirilənlərə istifadə müddəti qoyurlar, onları təzyiq altında saxlayırlar. Deyilənləri tez yerinə yetirsinlər, yoxsa istifadə tarixləri bitəcək, heç bir şəxsi mənfəət əldə etmədən sıradan çıxacaqlar, yeniləri istehsal olunacaq.

 

Yeni məzunların standartları ilə köhnələrinki üs-üstə düşmür, onlar bir-birlərini şəxsən tanımırlar, bölünmüş mərhələli qrup halında hərəkət edirlər. Tez-tez köhnələri sıradan çıxarıb yerlərinə yenilərini gətirirlər.

 

Bir nümunə göstərin ki, son 30 ildə Avropa və Amerikada təhsil alanlarımız hansısa yaddaqalan, bizim keçmişdə və yaxud bugün həll edə bilmədiyimiz problemi həll ediblər, əksinə, vətənə qayıdandan sonra ölkə üçün ancaq problem yaradıblar və yaradırlar. Başqa-başqa ölkələrdə eyni sahə üzrə təhsil alanlar fərqli-fərqli adamlar kimi ölkəmizə dönürlər, bir-biri ilə yola getmirlər, bir-birinə düşmən kəsilirlər. Məsələn, Türkiyədə hərbi təhsil alan məzunlar ilə Rusiyada hərbi təhsil alanlar arasında bir vaxtlar ordumuzda ikitirəlik yaranmışdı (istisnalar həmişə var). Öz hərbi təhsilimizi alanlar orduda hər şeyi zamanla yoluna qoydular, ordumuz daha güclü oldu.

 

İbtidai və orta təhsil gələcəkdə alınacaq məqsədli təhsilə qarşı immunitet yaratmalıdır. İbtidai və orta təhsil elə standartlarla qurulmalıdır ki, sonra fərdin beynini heç bir yolla dəyişmək mümkün olmasın… Gələcəkdə harada və hansı təhsili almağından asılı olmayaraq fərd dövləti və milli maraqları üstün tutsun.

 

Milli təhsil sistemimiz başqa təhsil sistemlərinin “kopiyası” olmamalıdır. Milli psixologiya, yerləşdiyimiz coğrafi ərazi, qonşu dövlətlər və dövlət maraqları nəzərə alınmalı, bilikli insanlar yetişdirmək tək məqsəd olmamalıdır, vətəninə, dövlətinə, insanlığa xidmət edəcək insan yetişdirilməlidir.

 

Amerika o ölkələrə, dövlətlərə ordu yeridir ki, orada Amerika təhsil sistemi yoxdur. Və həmin cəmiyyətlər sabit, itaətkar deyil, dəyişəndir.

 

Amerika atom bombası ilə məğlub edə bilmədiyi Yaponiyanın “məsələsini” görünməz ordu ilə, yəni təhsil sistemi ilə həll etdi. Yaponiyada sabit, gündəlik eyni işi görən adamlar toplusu yaratdılar – mexaniki düşünənlər koması (kütləsi). Xəyal gücü olmayan, ancaq mövcud olanı qorumaq hissi ilə yaşayan, əldə olanla razılaşan – standart bilikli kütlə, oxuduqlarından və verilən komandadan kənara çıxa bilməyən təhsilli ordu.

 

Dünya gücləri “Ömür bir dəfə verilir” fəlsəfəsi ilə tarixi mənasızlaşdırmağa çalışdılar. İnsana ancaq gündəlik həzz və zövqlər yaşamağı aşıladılar, “Dünən və sabah yoxdur, bu gün var, bu an var” – düşüncəsi beyinlərə yeridildi.

 

Ruhdan yox, bədəndən çıxış etdilər, bədəni təftiş etdilər, yəni ancaq görünə biləni, görünməz olan isə arxa plana keçdi, çünki onlar üçün təhlükə yaradan Görünməz olandır. Bizim inandığımız, onların qorxduğu – Görünməz!

 

Sonra tarixin mənasız və lazımsız olduğunu daha çox ədəbiyyat və kino “-izm”ləri (cərəyanları) ilə yaymağa və aşılamağa başladılar. Post dövrünə məqsədli və sürətli keçid etdilər.

 

Postmodernizmin prinsiplərindən biri üz-üzə münasibətin ortadan qaldırılmasıdır. Müasir dövrdə sosial şəbəkələr bu funksiyanı yerinə yetirir. Canlı münasibət olmasın. Yanındakı yad və maraqsız sayılsın, uzaqdan idarəetmə mümkün olsun. Diqqət etsəniz, bu hala hər yerdə rast gələcəksiniz, hətta 30 ilin dostları bir stol başına ailəvi yığışanda da bu vərdişlərin qurbanı olurlar, hamı sosial şəbəkədə eşələnir, üz-üzə söhbət, dərdləşmək maraq doğurmur... Xoşbəxtlik əldə edilən, yəni mövcud olan deyil, uzaqdadır, virtual və əlçatmaz olandır.

 

Postmodernizmin ən əsas prinsiplərindən biri də tarixsizlikdir – tarixin önəmsiz olmasının təbliği.

 

Onlara problem tarixdən, keçmişdən gəldiyi üçün əsas məsələ insanları tarixlərindən və tarixdən uzaq tutmaqdır.

 

Onlara görə müasir dövrdə tarixi baxışdan uzaq durmaq lazımdır, tarixdə baş verənlər, olanlar arxiv materialıdır, bugünki və gələcək, müasir maraqlar tarixə “baxışı” dəyişməlidir.

 

Guya, bu günə qədər kimsə və hansısa millət tarixi ilə, tarixini bilməyi ilə, tarixi təftiş etməyi ilə yeni tarix yarada bilməyib.

 

Müasir dövrdə böyük dövlətlər heç vaxt keçmişlərindən danışmazlar, bugünlərinə işıq tutarlar, göz qamaşdırarlar, amma bu günə necə gəlib çıxdıqları yerləri ört-basdır edərlər, o yerdə gözlərini yumarlar. Sənin də çox şeyi görməyinə imkan tanımazlar.

 

Bugünki böyük dövlətlərin tarixinə baxın, nələr etməyiblər – Afrikada, Hindistanda, Amerikada…

 

Müasir və inkişaf etmiş millətlər, dövlətlər keçmişi, tarixi unudublar, özləri üçün yeni tarix yaradıblar. Bu tarixin adı “Elm ilə əldə edilən güc”dür.

 

Dünya güclərinin əldə etdiyi keçici inkişaf insanlığı da ortadan qaldırdı. Epistemologiyadan insanlara xidmət etmək üçün yox, insanları əzmək , torpaqlarını zəbt etmək, özlərinə tabe etmək üçün istifadə etdilər.

 

İnsanları idarə etsələr də, ənənəvi və mərhələli inkişafın qarşısını aldılar, insanlar arasında münasibətləri dəyişdilər, qeyri-sağlam rəqabət düşmənçilik yaratdı… Yəni, güclü olan düzdür, doğrudur, haqlı, düz olan yox.

 

Yeni mərhələ təbii yolla gedən, ənənəvi inkişafın davamı olan – “eynilik” mərhələsinin yaranmasını vacib edirdi. Yəni, bir-birimizdən eyni adamlar “düzəltmək” yox, bir-birimizin fərqli tərəflərini qəbuletmə mübarizəsini aparmalıydıq, fərqləri qəbul etməkdə eyni olmalıydıq.

 

Özünə cavabdehlik mərhələsindən başqalarına cavabdehlik mərhələsinə keçidin qarşısı alındı. Başqasının problemini öz problemi bilən insanı yox, öz problemini həll etmək üçün başqalarına problem yaradan adamı üstün, bacarıqlı, bilikli hesab etdilər.

 

Fərqlər parçalanma yox, birləşdirici amil olacaqdı. Üst mədəniyyət ideyası tək mədəniyyət mübarizəsi olmayacaqdı – üst mədəniyyət fərqli mədəniyyətlərin birləşməsi yox, birliyi mərhələsi olacaqdı. Üst mədəniyyət ideyası özündə bir mədəniyyət yaratmaq yox, bütün mədəniyyətlərin bir arada olmasını, eyni yerdə durmasını ehtiva edəcəkdi.

 

Dəyişməyən ənənələr dəyişən cəmiyyətlər yaradır, yeni potensialı özündə həmişə qoruyan, ənənəsiz sabit cəmiyyətlər isə məhvə məhkumdur, nisbi (müddətli) inkişaf sonrakı mərhələdə yoxluğa gətirib çıxaracaq.

 

Dünya güclərini qorxuya salan budur – gələcək mərhələnin uğursuzluğu. Tarixsiz, ənənəsiz inkişaf keçicidir, hələ ki dünya gücləri keçici inkişafın vaxtını uzada bilirlər, amma bunun fərqindədirlər ki, bu qələbə nisbidir, daimi qalan, daimi olan ənənə və tarix var.

 

Rubl kəskin ucuzlaşanda Rusiyaya getmişdim, 100 dollar 7000 rubl edirdi, ruslar daha əzmli, iradəli idilər və Rusiyanın şərəfini düşünürdülər, dövlət başçısı Putinə dəstək olurdular, özlərini rus zabiti kimi aparırdılar. Sankt-Peterburqda olduğumdan, düşündüm ki, pul ilə rusları təhdid etməklə məğlub etmək olmaz, şəhərdə hər yerdə 1941-45-ci illərə aid abidələr yenidən təmir edilmiş, Rus ruhu hər yerdə daha qabarıq ifadə olunurdu.

 

Rus milləti Sankt-Peterburqda düşmənlə ruhu ilə mübarizə aparmış, aclığa, səfalətə dözüm göstərmiş, məğlubiyyəti qəbul etməyəcəyini sübut etmişdi.

 

Türklər də bu vəziyyəti yaşayıblar, tarixdə baş verənləri nəzərə almayanlar uğursuzluğa məhkum olacaqlar, türklər ilə də belə davranmaq mümkün deyil, onlar belə hallarda daha əzmli, iradəli olurlar, Çanaqqalada əzmi, iradəsi və ruhu ilə qalib gələn milləti dollar ilə məğlub etmək mümkün olmadı.

 

Türk şərəfini hər şeydən üstün tutanları məğlub etmək çox çətindir. Dünya çempionatında son dəqiqələrdə qol vuran Türk milli futbol komandasını xatırlayın, bütün komandalar artıq son dəqiqə xofu yaşayırdılar. Türk ruhu özünü son dəqiqələrdə göstərirdi – futbolçular meydanda Çanaqqala hissi yaradırdılar, gənc qarşı tərəf də görmədiyi Çanaqqala döyüşünün, babalarının aldığı qulaq burmasının hissini yaşayırdı, nə baş verdiyini anlaya bilmirdilər, bütün azarkeşlər mat qaldığı halda, evdə, meydanda Çanaqqaladan sağ çıxanlar baş verənləri gözəl anlayırdılar, evə dönən nəvələrinə meydanda gözə görünməyənin nə olduğunu anladırdılar, yəni, Türk möcüzəsini – ruhunu.

 

Türkiyənin şalvarını son zamanlar ha dartırlar aşağı, düşünürlər ki, kəmər saxlamayacaq, o vaxtı Türk ruhunu unutduqları kimi, yenə də, şalvarı saxlayan Türk “əlini” unudurlar. Unudurlar ki, türklər kəmər olmayanda da bir əl ilə savaşıb, bir əl ilə də şalvarlarını bellərində saxlayıblar. Sonda, yenə də şalvarı əynindən düşən özləri oldu… Necə ki, Çanaqqalada şalvarlarını qoyub getmişdilər.

 

Son dövrlər dünya güclərini qorxuya salan Türk-Rus birliyidir. Müasir Türk və Rus liderləri dünya güclərinə qarşı durmaq üçün tarixi yenidən təftiş etdilər, tarixi dəyişmək yox, tarixi qəbul etmək yolunu tutub, tarixidə baş verən səhvləri düzəldib, tarixi gücü birlikdə geri qaytarmağın və bir olmağın vacibliyini elan etdilər. Türkün və Rusun müasir birliyi yeni tarix və yeni güc yarada bilər, bu millətlərin yaratdığı imperiyalarda yaşayan sadə insanlarda onlara olan sevgi hələ də davam edir, bunu qəbul etməliyik, sadə insanlarda tarixə, keçmişə həsəd hələ də var. Türk-Rus mənasız düşmənçiliyi bitməli, mənasız qürur kənara qoyulmalı, iki dövlət arasında yeni güc mərkəzi, xristian–müsəlman birliyi yaradılmalıdır.

 

Bu birliyin adı “eynilik” olmalıdı , yəni, fərqləri qəbul etməkdə eyni olanların birliyi.

 

Və bu birlik bütün dünyaya nümunə olmalıdır. Sonra bu birliyə Çin və İran da qoşula bilər və qoşulmalıdır. Bu birlik dünyada sülhün, demokratiyanın qarantına çevriləcək, birqütblü dünya təhlükəsi bitəcək.

 

İstanbulda təhsil alanda cəmiyyətimizdə tanınmış bir neçə şəxslə bir neçə ay bir evi bölüşdük. Yaşca həmin gənclərdən böyük olmağım onların hərəkətlərinə də cavabdehlik hissi yaradırdı. Onlardan narahat qalmayım deyə, birlikdə təhsil aldıqları universitetə getmək istəyimi bildirdim. Hacıbəy razılaşdı və gedəcəyimiz günü və dərsi özü seçdi. Dərs deyən Xoca Türkiyənin Fransadakı səfiri olmuşdu. Danışığı, bədən dili adamı valeh edirdi, dərs sonu sual-cavab oldu. Xoca ilə mən də fikir mübadiləsi apardım, Ərdoğanın apardığı siyasətdən, türk birliyindən… Hələ türk cəmiyyəti həssas bir dönəmdə idi. Baş verənlərdən, aparılan yeni siyasətdən baş çıxara bilmirdi. Ərdoğan toplum üçün sirli idi, ona baxış birmənalı deyildi. Ərdoğanın apardığı siyasət, taktika bizə gün kimi aydın görünürdü. Türkiyə Azərbaycandakı 1993-95-ci illəri xatırladırdı. Böyük Heydər Əliyevin o dövrdə apardığı siyasət gözlərimizin önündə Ərdoğan tərəfindən təkrarlanırdı. Taktika, gedişlər çox oxşar idi. Ərdoğan haqda müsbət fikirlərimi bildirdim.

 

Keçmiş səfir diplomatik cavab verdi. Dedi: “Fransada səfir idim. Ərdoğan hakimiyyətə yeni gəlmişdi. Jak Şirak məni yanına çağırıb dedi: “Canımız sizdən qurtardı, Avropa Birliyinə qatılmaq məsələsi sizin üçün bitdi daha, sizdə islamçılar, yanlış kişilər hakimiyyətə gəldilər”. Üstündən aylar keçdi, Jak Şirak yenə məni yanına dəvət etdi, dedi: “Cənab səfir, Sizdə yanlış kişilər doğru işlər yapıyor, ya bu, nasıl oluyor?”“.

 

Yanlış kişi nə yapdı?

 

Doğru addım həm də zamanında atılan addımdır, bugünün şərtlərinə uyğun olmasa da, dünən doğru olan doğruluğunu itirməsə də, onu bu günə tətbiq etsən, artıq yanlış nəticələr alınar!

 

Atatürk zamanın doğruları ilə Türkiyəni xilas etdi, amma sonra həmin düşüncə ilə, şüarlar ilə Türkiyəni qorumaq, böyütmək mümkün olmadı. Qələbəni qazanmaq şüarı, taktikası başqadır, əldə edilmiş qələbəni qorumaq, saxlamaq taktikası və şüarları isə başqa.

 

Gec qalmaq olmazdı, məqsədi dəyişmədən, taktikanı dəyişmək lazım idi, görünən siyasət yox, görünməz siyasət aparılmalı, adları dəyişib məzmun və mahiyyəti saxlamaq lazım idi. Zəif silahlar ilə müasir, güclü silahların qarşısına çıxmaq olmazdı. Başqalarından alınan, başqalarının verdiyi silah ilə başqalarını vurmaq mümkün deyildi, öz silahına qayıtmaqda gec qalmaq olmazdı, ən güclü silah isə tarixi güc idi. Onu geri qaytarmaq lazım idi – Ərdoğan tarixi dayaq nöqtəsi seçdi, heç bir müasir silahda olmayan gücü. Nə sağ oldu, nə sol, mərkəz oldu. Yenidən dünyanı mərkəzə gətirdi. “Dünya 5-dən ibarət deyil” – dedi. Dirəndi, dirəşdi – sağı-solu açaraq Tarixi geri qaytardı. Türkiyəni yenidən dünyanın mərkəzinə çevirdi. “Dünya tarixən buradan idarə olunub, yenə də buradan idarə olunacaq. Bizim başımızın üstündən kimsə aşıb iş görə bilməz!” tarixdən gələn mesajı təkrarladı.

 

Yuxarıda söylədiyim səbəblərdən Ərdoğanın Türkiyə təhsil sistemini yenidən qurmağa başlaması, tarixdən danışması, tarixi filmlər çəkdirməsi, Türk dövlət başçılarını tarixi ənənə ilə, yəni, Türk imperiyalarının simvolları və imperatorları ilə qarşılaması dünya güclərini qıcıqlandırdı.

 

Ərdoğanın da bildikləri və tam bilmədikləri var idi. Hədəfə dəyməyəcək gülləni vaxtından tez atmaq hədəfi qaçırmaq və hədəfdən yayınmaq deməkdir. Yaxud vurmaq istədiyin hədəfi qaçmaması üçün öncə qorumaq və hədəfə alınacağını öncədən bəlli etməmək siyasət adamının işidir. Və yaxud siyasət adamı bəzən zamanla düşməni yaxında, yanında saxlamaqla neytrallaşdırır.

 

Ərdoğan (böyük siyasətçi) lampanın içindəki cinin təhlükə yaratmadığını, cini lampanın içində məhv etməyin mümkün olmadığını bilir və lampanın içindəki cin ilə mübarizə aparmır, onun işi lampadan çıxan cinlər ilədir… Necə ki, “Cin lampadan çıxıb” – deyənlərin, sinələrinə döyənlərin, xox gələnlərin dərsini sonradan layiqli verdi.

 

Dünya gücləri təsəvvürlərinə gətirə bilməzdilər ki, bu qədər gördükləri tədbirlərdən sonra, yəni, məqsədli açdıqları təhsil məktəbləri ilə, xaricdə yetişdirib göndərdikləri məzunların müqabilində yenə də türk toplumundan yeni bir fərd çıxacaq və onların planlarını pozacaq. Çünki Atatürkdən sonra dərs almışdılar, özlərinin etiraf etdikləri kimi, Çanaqqaladakı məğlubiyyətlərinin səbəbi – Atatürkü nəzərə almamaları olmuşdu. Amma bu dəfə keçmiş təkrar oluna bilməzdi, bütün tədbirlər görülmüşdü. Yenə də unutduqları bir şey var idi: tarix və genetik kod. Türk insanının bir anın içində tarixi dəyişə bilməsi, özlərinə qayıtması. Onlar başa güvənirdilər, amma başa qoyulanlar ürəyə, qana təsir edə bilmir, baş ancaq başqa orqanlara komanda verə bilir, qan və ürək komanda qəbul etmir. Qana və ürəyə yeridilən yad cisimlər müvəqqətidir, gec-tez təbii və ənənəvi vəziyyətinə qayıdır.

 

Tarixdə fərdin yaratdığı çox az hadisələr var ki, olub, amma başqaları tərəfindən təkrar olunmayıb. Məsələn, bizim çox məşhur xanım bəstəkarlardan birinin mahnılarının yaranmasına səbəb onu nişanlı tərk edən sevgilisinin olduğu bildirilir. O qədər nişanlı tərk edilən var ki, heç biri bəstəkar ola bilməyib və yaxud belə gözəl mahnılar bəstələyə bilməyib.

 

Hələ elm fərd fenomeninin səbəblərini tam isbat edə bilməyib.

 

Son dövrlərin qorxusu – Fərddir, millətləri, dövlətləri məğlub edənlər Fərdə məğlub olurlar, onun qarşısı alınmazdır, necə ki, 25 ildən çoxdur ordumuzun keçə bilmədiyi sərhədləri 3 Fərdimiz aşmışdı, Fərdə imkan tanımayan cəmiyyət 21-ci əsrdə yer üzündən tam silinəcək!

 

Fərd TOPlumun topudur, top olmayan yerdə qol vurmaq olmur! Fərd top funksiyasını yerinə yetirir, təsəvvür edin, böyük futbol meydançası, futbolçular, azarkeşlər var, amma “top” yoxdur, yəni top vuran, fərdi göstəriciləri olan, hamıdan fərqlənən, rəqibdə xof yaradan, seyirçini riqqətə gətirən oyunçu – uzaqvuran Top…

 

Müasir dövrdə orduların edə bilmədiyini fərdlər edir və heç bir ordu fərdlərin qarşısını ala bilməyəcək, artıq güclü ordu deyəndə güclü fərd başa düşülməlidir. Heç bir dövrdə fərd bu qədər güclü və qorxulu olmayıb! Məsələn, Azərbaycan ordusunun gedə bilmədiyi, keçə bilmədiyi sədləri Dilqəm, Şahbaz, Həsən keçmişdi! Bir ordunun öldürə bilmədiyini, Mübariz öldürmüşdü! Fərd, həm də görünməz varlıqdır, arxasında kimlərin durduğunu sübut edə bilmirsən.

 

Çox vaxt birinin başqalarına öyrətdiyini adamın özünə öyrətmək lazım gəlir. Öyrətdiklərini özü bilməyən adamlar var. Amerika və Avropa kimi, hər kəsə demokratiya dərsi keçirlər, amma bunları onların özünə öyrətmək lazım idi. Buna heç kim cürət edə bilmirdi. Bunu Ərdoğan etdi – Avropaya, Amerikaya demokratiya dərsi keçdi, onların kitablarında olmayanı, son və gerçək Kitabda yazılan – demokratiyanı…

 

Ərdoğandan müddətli, keçici dövlət başçısı düzəltmək istəyənlərin arzuları ürəklərində qaldı, bir də ayıldılar ki, artıq Ərdoğan böyük dövlət adamıdır, dövləti qoruyan və quran partiya rəhbəridir və Liderdir. Artıq gec qaldıqlarını anlayıb əlacsız qaldılar. Xalq dili ilə desək, “mərəndə gəldilər”. Yəni, onunla razılaşmağa başladılar.

 

Baş verənlərə qarşı göstərilən ardıcıl, eyni münasibət – xarakterdir!

 

Günəş işıq saçmaqla həm də özünü göstərir. Yəni, biz günəşin işığı ilə günəşi görürük. Əgər günəşin işığının gücü çatmasa günəşi göstərməyə, elə bir işıq mənbəyi yoxdur ki, biz ondan istifadə edərək günəşi görə bilək. Tarix də belədir, biz ancaq tarixin öz işığı ilə tarixi görə bilərik, başqa işıqların tarixi göstərməyə gücü çatmaz, tutulan başqa işıqlar qaranlıq (kölgə) salır tarixə. Necə ki, işığı bir yerə çox tutanda qaraltdığı kimi. Öz işığı ilə görünə bilməyənlərə başqa işıq tutmaqla görə bilərik, amma bu, uzun müddətli mümkün deyil, işiq gərək özündən ola, başqalarının verdiyi batareyanın müddətilidi.

 

Ərdoğanın işığı özündəndir, Ərdoğan tarixin işığıdır, Tarixdən gələn işıq…

 

İnsanlar adi bir hadisədən xoflanırlar, özlərini itirirlər. Onlara dünya güclərinə qarşı çıxmaq, döyüşmək xəyal kimi gəlir. İnsanlar təəccüb edirlər, inanmayanlar inanılmaz yalanlar uydururlar – “Onların adamıdır, onlara işləyir, yoxsa aradan götürərdilər”.

 

Bəs Ərdoğan bu qədər gücü haradan alır?!

 

Ərdoğanın gücü inamdır, mənbəyi Qurandır!

 

Rejissor, aktyor

Yoxlama kodu:15930