İsrailin Cənubi Qafqaz regionundakı müttəfiqi Müstəqillik günü qeyd edir

Bölmə:
Diaspor ›
Tarix:
22.10.2018
Oxunub:
573 dəfə

İsrailin “The Jerusalem post” nəşrində Azərbaycanla bağlı məqalə dərc edilib. Oxucu informasiya verir ki, Arye Qutun qələmə aldığı “İsrailin Cənubi Qafqaz regionundakı müttəfiqi Müstəqillik günü qeyd edir” sərlövləli yazıda qeyd edilir:

Oktyabrın 18-də Azərbaycan Dövlət Müstəqilliyi gününü qeyd edib. O, müstəqilliyini 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bərpa edib. Beləliklə, 27 il əvvəl müstəqillik haqqında Konstitusiya Aktının qəbulun ilə azərbaycanlılar uzun zaman gözlədikləri müstəqilliyə qovuşublar. O vaxtdan bu gənc respublika bir çox çətinliyin öhdəsindən gəlib.

Hələ 1918-ci il mayın 28-də Azərbaycan müsəlman Şərqinin ilk demokratik, dünyəvi respublikası elan edilmişdi. Bu il onun – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi qeyd olunur. AXC-nin yaranması Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və ölkə üçün vacib hadisədir. O, sosial statusundan, cinsindən və ya dinindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar vermişdi. AXC-də qadınların səsvermə hüququ da tanınmışdı. Maraqlıdır ki, Azərbaycanda qadınlara səsvermə hüququ hətta ABŞ və Avropanın bir çox ölkəsindən əvvəl verilib.

AXC tarixinin ilk parlamentli respublikası kimi, bütün Şərq, türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan demokratik dünyəvi dövlətin ilk modeli olub. Bu gün müstəqil və güclü Azərbaycan AXC-nin layiqli varisidir. Müstəqilliyini 1991-ci ildə bərpa etmiş Azərbaycan xalqı AXC dövlətçiliyinin zəngin ənənələrindən bəhrələnərək, bu sanballı tarixi irs üzərində müstəqil və güclü dövlət yarada bilib.

Bu gün İsrailin Cənubi Qafqaz regionunda etibarlı tərəfdaşı olan Azərbaycan güclü, müstəqil dövlətdir. O, regional geosiyasi və geoiqtisadi proseslərində liderdir. Bundan əlavə, Azərbaycan beynəlxalq təşkilatların məsiliyyətli və etibarlı üzvüdür. Azərbaycan həyata keçirdiyi müxtəlif iqtisadi və nəqliyyat layihələri sayəsində regionda, həmçinin onun hüdudlarından kənarda belə, sabitliyə, sülhə, inkişafa töhfə verir. Başqa sözlə, bu gün o, sabitlik, təhlükəsizlik yayan ölkədir.

Bakı beynəlxalq ictimaiyyətin müasir təhlükələrin qarşısının alınması ilə bağlı səylərinə də birbaşa dəstək verir.

Ermənistanın təcavüzü nəticəsində ərazisinin 20%-nin işğal olunmasına, erməni lobbisinin psixoloji müharibəsinə, saxta xəbərlərinə, dezinformasiya kampaniyalarına rəğmən, Bakı kifayət qədər uğurlu xarici siyasətilə də tanınır. Bu fəaliyyət nəticəsində beynəlxalq ictimaiyyət onun ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını tanıyır, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllini tələb edir.

Azərbaycan geosiyasi nöqteyi-nəzərdən mürəkkəb Cənubi Qafqaz regionunda yerləşir. Bu, Rusiya, İran və Türkiyə kimi təxminedilməz geosiyasi aktorların olduğu regiondur. Lakin Bakı bu geosiyasi labirintə rəğmən, çoxşaxəli xarici siyasətini davamlı şəkildə və uğurla həyata keçirir.

İsrail Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biridir. Bu gün Avrasiyanın heç bir ölkəsinin İsraillə Azərbaycan qədər sıx əlaqələri yoxdur. İki dövlət arasında diplomatik münasibətlərin 26 illik tarixi ərzində yəhudi dövlətilə müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan arasında strateji münasibətlərin zəruriliyi sübuta yetirilib. Dost dövlətlərimiz həqiqətən etibarlı strateji tərəfdaşlar kimi, qarşılıqlı fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb. Bu ölkələr əvvəllər neft-qaz sahəsinə daha çox diqqət göstərirdisə, hazırda Azərbaycanla İsrail arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki və kəşfiyyat sahəsi daxil olmaqla, bir çox sahələrdə əlaqələr inkişaf edir. Bununla yanaşı, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir.

Bu gün Azərbaycan beynəlxalq arenada da mühüm yer tutur. O, Cənubi Qafqazda da mövqeyini qorumağa, daha da gücləndirməyə çalışır. Cənubi Qafqaz regionunun ümumdaxili məhsulunun 80%-nin Azərbaycanın payına düşməsi təsadüf deyil. Ölkə balanslaşdırılmış, çoxşaxəli və praqmatik siyasət nəticəsində beynəlxalq ictimaiyyətə öz mövqeyini qəbul etdirə bilib. O, Cənubi Qafqazın ən inkişaf etmiş və ən böyük ölkəsidir: həm ərazisinə, həm əhalisinə, həm də iqtisadiyyatına görə.

Azərbaycan prezidenti İlham Əliyev okeanlarla qitələri birləşdirəcək “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” layihələrinin müəllifi və təşəbbüskarıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi daxil olmaqla, qlobal enerji təhlükəsizliyinə töhfə verir.

İ.Əliyev Azərbaycanı sabit, müstəqil, çiçəklənən, tolerant, müasir ölkəyə çevirib. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün etnik kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlı cəmiyyətin ayrılmaz hissəsinə çevrilib.

Azərbaycan dövləti ölkədə yaşayan 25 min yəhudiyə də hər cür dəstək verir. Bura hər zaman çox sayda xalqın yaşadığı ölkə olub. Üstəlik, burada yaşayan xalqlar hər zaman bərabər hüquqlara malik olublar.

Ölkədə prezident İ.Əliyevin təşəbbüsü ilə Azərbaycanda 2 sinaqoq və Cənubi Qafqazın ən böyük yəhudi tədris mərkəzi tikilib. Bununla yanaşı, ölkədə ilk yəhudi muzeyinin tikintisi də planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.

Azərbaycanın şimalında yerləşən, 4500-dən çox əhalisi olan Qırmızı qəsəbə yəhudilərin İsrail hüdudlarından kənarda ən sız yaşadığı bölgədir. Azərbaycanlılar bu kəndlə qürur duyur. İlham Əliyev Azərbaycanda yaşayan yəhudilərə bu cür dəstəyinə görə də İsraildə böyük hörmətə malikdir. Lakin iki ölkə arasındakı münasibəti, müsəlman azərbaycanlılarla yəhudi azərbaycanlılar arasındakı əlaqələri sadəcə qarşılıqlı maraqlar çərçivəsində izah etmək olmaz. İki xalqın ümumi dəyərləri, ümumi tarixi əlaqələri daha genişdir. Bu iki ölkə xalqlar arasındakı əlaqələrin genişlənməsinə töhfə verir və Azərbaycanla İsrail bu gün də cəmiyyətdəki müxtəlifliyi, tolerantlığı qoruyub saxlayır.

Mənbə: WorldMedia.Az

Yoxlama kodu:13782
Müharibə elan edildi 11:56 07 Oct 2019