Analitik - «Bu gün 27 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaranma zərurəti illər keçdikcə daha aydın görünür. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciətində partiyanın yaranma zərurəti, xalqın istəyi geniş şəkildə öz əksini tapıb. «91-lər»dən biri kimi həmin dövrün hadisələrinin bələdçisiyəm. Həmin müraciətdə də qeyd olunduğu kimi, o çətin günlərdə məsuliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxs ulu öndər Heydər Əliyev idi. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabından Onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən narahatlığı daha aydın görünürdü. Ümummilli Lider bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.»